Minada partlayan şəxsin vəziyyəti ağır qiymətləndirilir - YENİLƏNİB

23:10 23.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəbrayıl rayonunun baş verən partlayış nəticəsində xəsarət alan 1979-cu il təvəllüdlü şəxs (kişi) 23.07.2026-cı il tarixində saat 21:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Hafta.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Ona sağ said sümüyünün orta 1/3 hissəsinin yerdəyişən sınığı, inci və qamış sümüklərinin yerdəyişən qəlpəli açıq sınığı diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir.

***

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində 2026-cı il 23 iyul tarixində mina partlayışı hadisəsi baş verib.

Hafta.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Bildirilib ki, 1979-cu il təvəllüdlü Cəbrayıl rayonu Qumlaq kənd sakini Şəmilov Elşən Bəhlul oğlu minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!